“Dədə Şəmşir saz-söz bayramı”-Avstryadan dünyaya

66
Vyanada türk xalqlarının təmsilçilərinin iştirakı ilə Novruz şənliyi keçirilib.
Kanal32.info  AZƏRTAC-a istinadən xəbər verir ki, Vyanada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində türk xalqlarının diaspor nümayəndələri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dunay çayının kənarında açıq havada təşkil edilmiş bayram tədbirində müxtəlif guşələrdə türk xalqlarına məxsus şirniyyat və təamlar təqdim olunub. Eyni zamanda, türk xalqlarının köçəri həyat tərzinin nişanəsi olan və milli adət-ənənələrə uyğun şəkildə bəzədilən yurt (çadır) qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbiri açan qurumun rəhbəri Yardım Günəş Novruz bayramının Azərbaycan və türk xalqları, o cümlədən regionda yerləşən bir sıra xalqların həyatında oynadığı roldan bəhs edib. Qeyd edilib ki, Balkanlardan tutmuş Uzaq Şərqə kimi geniş məkana yayılmış türk xalqlarının ortaq bayramı olan Novruzun yaşadılması və ona məxsus adət-ənənələrin gənc nəslə aşılanması mühüm əhəmiyyət daşıyır. Baharın müjdəçisi olan Novruzu xaricdə keçirmək, onun ab-havasını yaratmaq bir tərəfdən soydaşlarımızın öz adət-ənənələrini yaşatmasına, digər tərəfdən isə yerli ictimaiyyətdə sülh, dostluq və bərəkət bayramı haqqında ətraflı təsəvvür yaratmağa xidmət edir.
Novruz şənliyində ilk dəfə Ergenekondan çıxışın rəmzi olan “Dəmirdöymə” mərasimi gerçəkləşdirilib. Azərbaycan səfirliyinin birinci katibi Rövşən Mirzəxanlı və Türkiyə səfirliyinin birinci müşaviri Mustafa Kemal Basa zindan üzərinə qoyulan dəmir parçasını sıra ilə çəkiclə döyərək yeni ilin başlandığını müjdələyiblər.
Tədbirin bədii hissəsində Avstriyada yaşayan azərbaycanlı müğənni Aysel Quluzadə, tanınmış azərbaycanlı sənətçi Cavid Təbrizli Azərbaycan və türk bəstəkar, xalq mahnıları, Novruza xas bayram havaları ifa ediblər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə tədbirə dəvət edilən Azərbaycan aşığı Əli Zeynalabdinovun səsləndirdiyi aşıq havaları böyük maraqla qarşılanıb. Aşıq-ozan ənənələrini ən layiqli şəkildə tərənnüm edən gənc aşıqlar, sazın müşayiətində Dədə Şəmşirin dillər əzbəri olan şeirlərini səsləndirib. Sonra müxtəlif folklor qrupları milli rəqslər təqdim ediblər, uşaqlar üçün oyunlar təşkil olunub.
Bayram tədbirində, həmçinin müxtəlif türk xalqlarının musiqiləri səsləndirilib, qonaqlara milli mətbəx nümunələri və bayram şirniyyatları təqdim edilib.
Tədbir bayram tonqalı ətrafında davam edib.
DİGƏR XƏBƏRLƏR