Politoloq Vyana görüşünü şərh etdi

44

Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların aparılması üçün yeni imkanlar yaradacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib. O qeyd edib ki, tərəflər arasında reallaşan görüş təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır və format dəyişməz qalır. Bundan əvvəllər Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdülər. Lakin martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulayıb. Vyana görüşünün prosesə müsbət təsir edəcəyini deyən politoloq bildirib ki, bu görüş danışıqlar prosesinə yeni bir impuls verdi. Nəticə etibarilə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə “3+2” formatında bəyanat verildi. Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Bəyanatda, həmçinin atəşkəslə bağlı məqamlar da qeyd edilib. Atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır. Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Bizim mövqeyimizin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

DİGƏR XƏBƏRLƏR