Təhsildə məktəb psixoloquna münasibət,yoxsa…?

69

Bu gün məktəblərdə psixoloq ştatı  mövcud olsa da, bu vəzifəni tutanlar demək olar ki, onlar öz işlərini lazımınca yerinə yetirə bilmirlər. Bunun bariz nümunəsi məktəblilər arasında artan psixoloji problemlərdir.

Psixoloqun şagird həyatında rolu barədə Modern.az-a danışan məktəb psixoloqu Fatimə Qasımova bu peşənin bir neçə istiqamətdən ibarət olduğunu bildirib.

“Belə ki, psixoloq yalnız şagirdlərlə deyil, eyni zamanda müəllim və valideynlərlə də mütəmadi ünsiyyətdə olmalıdır. Müəyyən testlər işlənib hazırlanır ki, bununla da uşaqlarda qorxu və aqressiya dərəcəsini müəyyən edirik. Məhz bu testlər vasitəsilə problemin əslində kimdə olduğu öyrənilir.Yəni nəticəyə uyğun uşağın valideyni və ya müəllimi ilə psixoloq arasında söhbət keçirilir”.

Təhsil eksperti  Kamran Əsədovun sözlərinə görə, məktəblərədəki psixoloqların əmək haqları da artırılmalıdır:

“Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır.

İkincisi, bir tərəfdə psixoloq ştatı olsa da, psixoloqların psixoloji işi aparması üçün şəraitləri yoxdur. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Psixoloqun ştat vahidinin müəyyən olunması, bu da psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi mən düşünürəm ki, qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir. Çünki orda, uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Və onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlar”.

Kamran Əsədov deyir ki, son vaxtlar baş verən intiharların bəziləri orta məktəb şagirdləri ilə bağlıdır:  

“Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxluğunu orta məktəb şagirdləri təşkil edir. Əslində bunun birbaşa yox, dolayısı ilə əlaqəsi var. Belə deyim, orta məktəb psixoloqu işini görmür. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Konkret olaraq psixoloqun öz otağı olmalıdır, otaq düzəldilməlidir ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər. Təəssüf ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat üçün bir müğənniyə 5 min manat pul saya bilirlər, lakin psixoloqun bir saat məşğul olması üçün 25 manat, maksimum 30 manat ödənişə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox,  həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik. Amma ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil”.

DİGƏR XƏBƏRLƏR