Avropa İttifaqının tarixi və qlobal miqyasda Avropa dəyərləri

66

Avropa İttifaqının yaranma tarixi

Avropa İttifaqı (Aİ və ya AB/Avropa Birliyi) müasir dünyanın ən nüfuzlu və demokratik təşkilatlarından biridir. Bu məqalə Avropa İttifaqının tarixi, onun inkişaf səviyyəsi və Aİ-nin əsas məqsədlərindən bəhs edir.

Avropa İttifaqının konstitusional çərçivəsini formalaşdıran Roma Müqaviləsi 1957-ci ildə imzalanaraq, Avropa ölkələri arasında olan və uzun müddət davam edən müharibələrə son qoydu. Aİ-nin əsasını qoyan və 1951-ci ildə Avropa Kömür və Polad Birliyini quran Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya Roma Müqaviləsi ilə Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini yaradaraq, Avropa bazarını üzvləri üçün ortaq hala gətirdilər. Lakin, o dövrün ən güclü ölkələrindən biri olan Böyük Britaniya, nə Avropa Kömür və Polad Birliyinə üzv oldu, nədə onun yaradılması konfransında iştirak etdi. Böyük Britaniyanın bu mövqeyinin əsasən iki səbəbi var idi; birincisi, birliyə qoşularaq öz suverenliyini itirmək qorxusu və ikincisi, ABŞ ilə olan münasibətlərin pozulma ehtimalı.

Roma müqaviləsi – 1957-ci il

Roma Müqaviləsindən sonrakı ilk on illik üzvlər üçün inkişaf dövrünün başlanğıcı oldu. Üzvlər arasında gömrük rüsumları qaldırıldı və Avropa öz iqtisadi yüksəliş dövrünə başladı. 1954-cü il yanvarın 16-da yaradılmış Avropa Komissiyası, 1969-cu ilin əvvəllərində Bretton Woods sistemində (1944-1971) ortaya çıxmağa başlayan gərginliklərin işığında, Şuraya Plan Barre kimi tanınan “İcmada İqtisadi Siyasətin və Pul Siyasətinin Əlaqələndirilməsi” haqqında memorandumu təqdim etdi. Plana görə, üzvlər arasındakı iqtisadi məqsədlər uyğunlaşdırılmalı və bərabərlik əldə edilməli, ümumi pul əməkdaşlığı və iqtisadi siyasət tətbiq edilməli və koordinasiya olunmalı idi.

1970-ci illər bu qurum üçün ilk genişlənmə və daha çox ümumi qərarların qəbulu dövrü kimi xarakterizə olunur. Danimarka, İrlandiya və nəhayət, Birləşmiş Krallıq 1973-cü il yanvarın 1-də Avropaİttifaqına qoşularaq, üzv dövlətlərin sayını doqquza çatdırdılar. Bir müddət sonra, hal-hazırda da uğurla davam edən yoxsul bölgələrə dəstək siyasəti başlandı. Regional siyasətə uyğun olaraq infrastruktur improvizasiyası və yeni iş yerlərinin açılması üçün yaxşı məbləğlər ayrıldı. İqlim dəyişikliyinə dair məlumatlandırma işləri də 1970-ci illərdə artırıldı. Avropa cəmiyyəti “ətraf mühitin mühafizəsi haqqında” qanunları ilk dəfə qəbul edərək, “çirkləndirici ödəməlidir” anlayışını qəbul etdi. 1979 Avropa Parlamentində (AP) ilk dəfə olaraq birbaşa seçkilərin keçirilməsi il kimi tarixə düşdü. Belə ki, 1978-ci ilin iyul Aktından əvvəl, Avropa Parlamentinin üzvləri (MEP-lər) hər üzv dövlətin milli parlamentləri tərəfindən seçilirdilərsə, 1979-cu ildən etibarən bu proses birbaşa seçki yolu ilə həyata keçirilməyə başladı. Həmçinin, 1970-ci illərdə kapital bazarlarının ardıcıl birləşməsi də təkmilləşdirildi. Bu proseslər 1998-ci ildə Avropa Mərkəzi Bankının yaranmasına və kapital dövriyyəsinin tam liberallaşdırılmasına təkan verdi. 1986-cı ildə başladılmış və 4 əsas ticarət növləri olan malların, xidmətlərin, insanların və pulların azad dövriyyəsini nəzərdə tutan Vahid Bazar prinsipi 1993-cü ildə tamamilə təmin edildi. Avronun və Avropa İqtisadi və Valyuta İttifaqının hüquqi çərçivəsinin yaradılması ilə yadda qalan Maastrixt Müqaviləsi (1993) Avropada dayanıqlı inkişafa yönəlmiş növbəti bir addım oldu. Ortaq xarici və təhlükəsizlik siyasəti qurulmuş və gələcək imkanlardan birgə yararlanmaq üçün daxili işlərdə əməkdaşlıq gücləndırılmışdır. Avropa İqtisadi və Valyuta İttifaqı 1989-cu ildə Delorsun (Avropa Komissiyasının 8-ci prezidenti) başçılıq etdiyi komitə tərəfindən hazırlanmış üç mərhələli plana əsaslanırdı. Birinci mərhələ mərkəzi banklar arasında əməkdaşlığın gücləndirilməsi idi və əsasən valyuta nəzarətinin qaldırılmasını nəzərdə tuturdu. İkinci mərhələdə vahid pul siyasəti idarəsini həyata keçirən Avropa Mərkəzi Banklar Sisteminin və ya qısaca AMBS-nin yaradılması nəzərdə tuturdu. Bu islahat üçüncü mərhələdə vahid valyutanın yaradılmasına dəstək verdi. Son olaraq milli valyuta məzənnələrini stabilləşdirmək və vahid Avropa valyutası ilə əvəz etmək qərarı qəbul edildi. Beləliklə, 2002-ci ildən etibarən, avro dövriyyəyə daxil olaraq, dünyanın ən güclü pul vahidlərindən birinə çevrildi.

Maastrixt müqaviləsi – 1993-cü il

1995-ci ilin yeni üzvləri – Avstriya, Finlandiya və İsveç, 1981-ci ildəki qəbul edilən Aralıq dənizi üzvlərinin (Yunanıstan, İspaniya və Portuqaliya) davamı və Avropa genişlənmə siyasətinin bir hissəsi idi. Ən böyük genişlənmə 2004-cü ildə olmuşdur və Kopenhagen siyasi meyarlarına uyğun olan növbəti on ölkə: Kipr, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulmuşdurlar. 2007-ci ildə Bolqarıstan və Rumıniyanın üzvlüyü və 2013-cü ildə qəbul edilən son üzv ölkəsi olan Xorvatiya, Aİ üzvlərinin sayını 28-ə çatdırdı.

2009-cu ildə imzalanmış Lissabon müqaviləsi Aİ-nin iş prinsipini müəyyən səviyyədə dəyişdirdi. Avropa İttifaqının konstitusional əsaslarını, həmçinin əlavə saziş protokollarını və Avropa Atom Enerjisi Birliyinin yaradılması haqqında müqaviləni formalaşdıran 2 müqaviləyə (Maastrixt və Roma Müqavilələrinə) düzəlişlər edildi. Ən əsas dəyişiklik kimi Müqavilənin üzv ölkələrə İttifaqı tərk etmək hüququnu verməsi qeyd olunur. Səsvermələrin hesablanmasında da dəyişikliklər edildi və demokratik legitimliyin gücləndirilməsinə dair bir sıra qərarlar qəbul edildi.

Dünyanı xilas edən dəyərlər

9 May 1950-ci ildə Avropa inteqrasiyası layihəsinin başlanğıcı zamanı, Robert Şumanın məşhur Bəyannaməsində də dediyi kimi “Avropa bir anda və ya bir plana uyğun olaraq hazırlanmayacaq. O, İlk növbədə de-fakto əməkdaşlığı yaradan konkret nailiyyətlər vasitəsilə qurulacaqdır”. Bu sözlər, üstündən 70 il keçsə də günü bu gün də aktualdır.

Robert Şuman (1886-1963)

Avropa xalqları arasında olan həmrəylik və incluzivlik onları dəyişən dünyanın problemlərinə qarşı daha da güclü edir. Avropa İttifaqının beynəlxalq əlaqələr, xüsusilə də Avropa dəyərlərinin sərhədlərdən kənarda yayılması siyasəti onu XXI əsrin yüksək qiymətləndirilən və hörmətli iştirakçılarından biri edir. İnsan hüquqlarına hörmət, qanunun aliliyi, ətraf mühitin qorunması və bazar iqtisadiyyatında sosial standartların qorunması kimi dəyərlər dünyanın gələcəyini xilas edəcək əsas meyarlardır. Əlbəttə ki, müəyyən çatışmamazlıqlar ilə Avropa İttifaqı heç də bütün insanlıq üçün mükəmməl bir model sayıla bilməz. Lakin Avropanın müvəffəqiyyətli olması və digər regionların ona nümunə kimi baxması “Gələcək Avropadır” şüarını dünya üçün ilham qaynağı edir. Regionundan asılı olmayaraq, hər bir hökumət bu gün Avropada olduğu kimi, öz vətəndaşlarının azadlığına zərbə vurmadan onların təhlükəsizliyini təmin etmək üzərində çalışmalıdır!

Cəmilə Zeynalzadə,Gənc Avropa Səfiri

DİGƏR XƏBƏRLƏR