VII Muğam Müsabiqəsi başa çatdı

60

Üç ay idi davam edən VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.

Kamnal32.info xəbər verir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.

Gecədə bildirilib ki, 2005-ci ildən bu günə kimi ardıcıl olaraq iki ildən bir keçirilən müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.

Qeyd edilib ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.

Sonra münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.

Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıblar. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.

İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni ifa ediblər.

DİGƏR XƏBƏRLƏR