Zəlzələ ciddi fəsadlar yaradıb, dağıntılar var -FOTOLAR

96

Xəbər verdiyimiz kimi fevralın 5-i gecə saatlarında Azərbaycanda bir-birinin ardınca gücü Rixter şkalası ilə 6 bala çatan zəlzələlər baş verib. İlk yeraltı təkanlar Şamaxıda qeydə alınıb.AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində də güclü yeraltı təkanlar baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Cəmi bir neçə dəqiqə sonra-23.37-də isə Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində üçüncü zəlzələ qeydə alınıb. Bu dəfə yeraltı təkanların gücü 3.4 bala yaxın olub. Şamaxı-Ağsu bölgəsində baş vermiş güclü yeraltı təkanlar Bakıda və bəzi digər bölgələrdə, o cümlədən Mingəçevirdə hiss edilib. Bakıda yeraltı təkanların gücü 3-3.5 bal təşkil edib.

Xəbərlərə görə zəlzələ nəticəsində Şamaxıda dağıntılar baş verib. Xəsarət  alanlar var. Belə ki, rayonda 3 evin hasarı uçub, 3 nəfər dağıntılar altında qalaraq xəsarət alıb və yerli xəstəxanaya yerləşdirilib. Xeyli köhnə evlərdə çatlar yaranıb. Dağıntıların və dəyən zərərin miqyasının artacağı təxmin edilir.

Zəlzələdən sonra Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub. Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər. Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub.

Yeraltı təkanlar bəzi elektrik xətlərini də sıradan çıxarıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, çox keçmədən təmir briqadaları qırılan elektrik xətlərini bərpa edib və elektrik enerjisinin verilməsi təmin olunub. Onun sözlərinə görə, hazırda zəlzələ zonasında elektrik enerjisi təchizatı ilə bağlı heç bir problem yaşanmır.

FHN isə bildirir ki, fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR