Dağlıq Qarabağ və mövcud beynəlxalq arena

161

Rasim Zeynalov,Siyasi ekspert

Münhen təhlükəsizlik konfransı ərəfəsində mətbuatda gedən fikirlərə görə ehtimal olunurdu ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsaknyan arasında dialoq olacaq. Ancaq gözlənildiyinin əksinə olaraq, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmədilər. Ermənistanın Xarici İşlər naziri Münhendə hətta belə bir açıqlama verdi ki, görüş nəzərdə tutulmayıb, rəsmi deyil, adi salamlaşmanın mümkünlüyünü istisna etmədi . Münhendə görüş ona görə baş tutmadı ki, artıq danışıqlarda predmetli müzakirə getmir. Görüşlərdə təkrar fikirlər söylənilir. Bunun isə iki tərəfə də xeyri yoxdur. Bundan başqa Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi Bakıya məsləhət görür ki, onunla deyil Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparılsın. Bunu isə rəsmi Bakı qəbul etmir və etməyəcək də. Məhz bu kəskin fikir ayrılığı nazirlərin Münhendə görüşməsinə mane oldu.

Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” sözləri isə ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Həm də Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə Moskva Paşinyana loyal münasibətini ortaya qoyur. Bu arada, Paşinyanın Moskvanın istəyi ilə Suriyaya 83 nəfərlik hərbçidən ibarət humanitar missiya göndərməsi onun xeyrinə oldu. Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB ölkələri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov tez-tez Moskvada və Bakıda iki ölkə arasında keçirilən toplantılarda iştirak edir. Hiss olunur ki, Azərbaycanın Moskvadakı səfirliyinin də bu deputatla sıx əlaqələri var. Ancaq bugünlərdə İrəvanda olan Leonid Kalaşnikov Rusiyaya hansı dövlətin yaxın olduğunu bu sözlərlə anlatdı: “Ermənistan Qərbin təzyiqindən qorxmayaraq Suriyaya hərbi missiya göndərdi. Rusiya Ermənistanın bu addımını yüksək dəyərləndirir və bunu biz qiymətləndirəcəyik”. Elə bu qiymətləndirmənin nəticəsidir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil. Nə qədər ki, Moskvada şovonist rejim başdadır, Moskvanın “rus imperiyasını” bərpa kimi cılız xülyaları ilə süni olaraq yaratdığı bütün milli-məhəll münaqişələr həll olunmayacaq. Bu münaqişələr ya hamılıqla (Qarabağ, Abxaziya, Osetiya, Krım, Donbas, Preddnestroviya) hell olunacaq, ya da biri həllini tapıb, o biri qala bilməz. Bu yol isə Moskvanı aqressor ambisiyasından geri oturtmaqdan keçir. Ermənistanın Qarabağın erməni icmasını tərəf kimi danışıqlar masasına dürtməsi yeni ideya deyil.Xatırlayırsınızsa, Putin də beynəlxalq ictimaiyyətin gözünə kül üfürərək Donbasda “şaxtaçıların” Ukrayna ordusuna qalib gəlməsindən, guya rusiyanın neytrallığndan sırtıqcasına moizələr oxuyurdu. Oxşar senaridir. Yuxarıda sadaladığım münaqişələrin yerləşdiyi dövlətlərin Moskvaya qarşı birgə, səmərəli əməkdaşlığı olmadan həll yolu görünmür. Bu sahədə vaxtilə bir ilkə də imza atılmışdı, GUAM təşkilatını nəzərdə tuturam, təəssüflər olsun ki, bu qurumun son vaxtlar “nəfəsi gedib-gəlmir”!

 

DİGƏR XƏBƏRLƏR