“İlham Əliyev özünə arxayındır…” – Şərh

60

Artıq bir neçə ildir ki, nazirlərin, komitə sədrlərinin, baş prokurorun, bu ilin əvvəlindən isə Prezident Administrasiyasının nümayəndələrinin bölgələrdə görüşləri keçirilir. Bu görüşlərlə bağlı mediada təbliğat məqsədi ilə hazırlanmış informasiyalar yayılır. 

Xəbərlərə görə, görüşlər zamanı sakinlərin problemləri dinlənilir, onların bəziləri yerindəcə həll olunur, bəziləri isə nəzarətə götürülür. Amma bəzi hallarda bu görüşlərə şikayətçilərin buraxılmaması haqda da məlumatlara rast gəlinir.

Ümumiyyətlə yüksək rütbəli şəxslərin problemi olan vətəndaşlarla görüşləri hansı effekti verir? Bu təşəbbüs regionlarda sakinlərin problemlərinin həllinə yardımçı olurmu? Bunu daha effektli olması üçün nə etmək lazımdır?

Siyasi ekspert Azər Rəşidoğlu “Yeni Sabah”a bildirib ki, əslində, məmur ordusu Prezident və Birinci vitse-prezidentin əhali ilə daha sıx təmas siyasəti ilə ayaqlaşmaq istəyir. Bu, bir sıra hallarda müsbət olsa da, bir sıra hallarda onların xalq arasında peyda olması problemlərin həllinə yönəlməyib, sadəcə olaraq, “mən də çalışıram” bəhanəsinə hesablanıb.

Rəşidoğlu deyir ki, ölkə rəhbərinin yumşalma siyasəti çox ciddi əngəllərlə üzləşdi. “Yenə də öz fikrimdə qalıram ki, Prezident İlham Əliyev əvvəlki metodlarla idarəetmədən fərqli yollar axtarır. Məmurlar indi əl-ayağa düşüblər. İndiyə qədər sadə vətəndaşları saymırdılar. Prezident  vətəndaşlarla görüşlər keçirməyə başlayan kimi məmurlar da fəaliyyətə başladılar.Əslində, bütün narazılıqların əsas mənbəyi elə həmin məmurların özləridir”. 

A.Rəşidoğlu bildirir ki, ölkədə vəziyyət elədir ki, islahatlar qaçılmazdır: “Bu baxımdan istər-istəməz islahatların aparılması və sərt idarəçiliyin daha yumşaq idarəçiliklə əvəz olunması qaçılmazdır. Güman edirəm ki, müəyyən islahatlar aparılacaq. Əlbəttə ki, bu, sistem böhranının aradan qaldırılmasına səbəb olmayacaq. Çünki bunun üçün daha geniş, irimiqyaslı islahatların aparılması lazımdır.

Mövcud hakimiyyətin bunu edəcəyinə o qədər də ehtimal etmirəm. Ancaq istənilən halda, islahatlar aparılacaq. Bu cəmiyyəti qane edəcək, ya etməyəcək, əlbəttə ki, başqa mövzunun mübahisəsidir. Bütün hallarda cüzi də olsa, islahatların aparılması qaçılmazdır, əks halda, cəmiyyət çox ağır sınaqlarla üz-üzə qalacaq. O zaman hakimiyyət nələrsə etməyə məcbur qalacaq. İmitasiya üçün edilsə belə, istənilən formada islahatların həyata keçirilməsi qaçılmazdır.

İmitasiya edilən demokratiyanın  modeli getdikcə daha pis işləyir, hakimiyyət üçün daha çox problem yaradır, sistemi və onun özünü hörmətdən salır. Yaranmış vəziyyətdən iki yolla çıxmaq olar, ya demokratiyanın imitasiya xüsusiyyətini azaltmaq, ya da vətəndaş rəyi ilə elektoral prosedur arasında istənilən əlaqəni istisna edib, imitasiya edilən demokratiyadan imtina etmək lazımdır.

Azərbaycanda birinci variant yuxarıda qeyd edilən səbəblərdən dolayı mümkün deyil. Bundan başqa, iqtidar SSRİ-nin “yenidənqurma” dövründən yaxşı dərs çıxarıb: seçkiləri bir qədər azad, rəqabət mühitini bir qədər geniş eləyən kimi, seçkilərdə qalib gələn namizədlərə yüksək tribunalara çıxış imkanı verən kimi hakim qruplaşmanın hakimiyyət inhisarı sual altına qoyulur.

Sosial-iqtisadi göstəricilərin pisləşdiyini nəzərə alsaq, seçkilərdə spontan etiraz səsvermələr mütəmadi hal ala bilər. Ona görə məmurlar imkan vermir ki, seçki qanunvericiliyi liberallaşsın.

Elə buna görə də, ölkə rəhbəri özünə arxayındı. O, xalq tərəfindən sevildiyini və bunun həmişə belə olacağına əmin olsa da, məmurların çoxu, xüsusilə bilavasitə əhali ilə işləyən və səfərbərlik sxemlərinə cəlb edilən məmurlar iqtidarın əsl populyarlıq miqyasını və dərinləşən böhran fonunda perspektivlərini çox yaxşı dərk edir. Bu baxımdan, onların xalq arasında olması əsl niyyətlərini dəyişmir”.

DİGƏR XƏBƏRLƏR