Ağdam necə və niyə işğal olundu?

56
Xocalı canisi Köçəryan Ağdamın işğalı ilə bağlı qeydlərində 4 iyun hadisələrinə toxunub; hərbi ekspert Emin Həsənli  Ağdamın işğalını o dövrdə yaşanan xəyanətlərlə də əlaqələndirir…
İyulun 23-də Ağdam rayonunun işğalından 26 il ötdü. 1993-cü il iyulun 23-də Ermənistan ordusu Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Həyat və azadlıq” adlı kitabında Ağdamla bağlı da məlumatlar yazıb. Rus dilində yazılan kitabda Xocalı canisi Köçəryan Azərbaycan torpaqlarını necə ələ keçirdikləri barədə qeydlər edib. Kitabın Kəlbəcərin və Ağdamın nə məqsədlə işğal edildiyi barədə fraqmentini tanınmış publisist Vahid Qazi özünün facebook səhifəsində şərh etmişdi.
Köçəryan yazır ki, Ağdama hücum edəcəkləri haqda Ermənistan hökumətinin xəbəri yox idi: “Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq. Telefonumuz susmurdu. Ermənistandan nə qədər adam zəng vurub bizdən nə baş verdiyini soruşurdu. Ermənistan parlamentinin sədri Babken Ararktsyan mənə zəng vurub əsəbi halda: ”Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?” “Yox, elə bir şey baş verməyib, sadəcə, burada bir-iki təpəni tutub, oturub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”, – dedim. “Sizin orada nə itiniz azıb? Beynəlxalq birlik gözləyir, biz nə vaxt Kəlbəcəri qaytaracağıq, siz isə Ağdama girmisiniz?” Dedim, “yox əşi, biz heç hara girməmişik, sadəcə, qarşı tərəfdən artilleriya atəşi oldu, biz də onu susdurmaq üçün bir az irəliləmişik, vəssalam”.
Babkenə yalan söyləyirdim, halbuki bu sözləri ona Ağdamın mərkəzindən deyirdim. Onunla dost idik. Aldatdığıma görə pis olmuşdum. Azərbaycanda 4 iyunda hakimiyyətə üsyan oldu, ara qarışdı. Bir dəfə onda Kəlbəcərdən çıxmaq məsələsi müəyyən qədər arxa plana keçdi. Sonra isə 1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdam sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik”.
 Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a həmin dövrdə baş verən prosesləri aşağıdakı kimi şərh edib:
“Əvvəla deyim ki, Ağdamın müdafiəsi istiqamətində çox işlər görülüb. 1988-93-cü illərdə baş verən müharibənin ağırlığı Ağdamın üzərinə düşüb. Çünki həm Ağdam o zonada  yerləşən ən böyük rayon idi, həm də proseslərin mərkəzində dayanmışdı. Ən çox şəhid, əlil, Milli Qəhrəman Ağdamdan olub. Ağdamlılar özləri öz torpaqlarını müdafiə edirdilər. Könüllü batalyonlar var idi. Düzdür, o zamankı hakimiyyət ordu yaratmağa imkan vermirdi. Moskva və onun əlaltıları da buna maneə olurdu. Ermənilər silahlandırılır, bizimkilərin isə quş tüfənglərini belə əllərindən alırdılar. Ancaq əhali öz torpaqlarını qoruyur, şəhid verirdi. Bizim Şirin Mirzəyev, Allahverdi Bağırov, Rövşən Hüseynov kimi qəhrəmanlarımız var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 1993-cü il hadisələrindən sonra Surət Hüseynovun batalyonları gəlib, Ağdamdakı könüllüləri ərazidən çıxardılar. Bildirdilər ki, ərazini guya bunlar müdafiə edəcəklər. Həmin ərəfədə Ağdamın işğalı baş verdi. Ermənistanın arxasında böyük güclər var idi. O zamankı Rusiya rəhbərliyi, 366-cı motoatıcı alay onlara kömək edirdi. Eyni zamanda Qərb, bizim dini qardaşımız İran belə bəzi məsələlərdə ermənilərə kömək edirdi. Bütün  bunların hamısı sübut olunub. Sadaladığım səbəblərin nəticəsi olaraq Ağdam işğal edildi. Ağdam öz könüllü batalyonlarının müdafiəsinə qalsaydı, işğal edilməyəcəkdi. Təəssüf ki, bu, baş vermədi. O zaman bir neçə xəyanətin qurbanı olduq. Həmin zaman Azərbaycan yeni dövlət idi, ordu formalaşmamışdı, vahid komandanlığa tabe olan ordu yox idi. Eyni zamanda heç bizim büdcəmiz də mövcud deyil. Nəticədə rayon işğal edildi”.
Ekspert bildirib ki, Rəhim Qazıyev, Ələkrəm Hümmətov kimi adamların bəzi dövlətlərin maraqlarına xidmət etmələri də işğala səbəb olan faktorlar sırasındadır:
“Bu kimi adamların şəxsi ambisiyalarını üstün tutmaları nəticəsində rayonlar işğal edildi. Ancaq ağdamlılar ruhdan düşməyib, yaşayıb, təhsil aldılar. Onlar həm Azərbaycanın elminə, həm də ictimai-siyasi mühitinə xeyli ziyalılar verib. Bu gün də onlar fəaliyyətdədir. Artıq Azərbaycanın böyük büdcəsi, güclü ordusu var. 2016-cı ilin aprel ayından sonra insanlarda olan ümid bir qədər də artıb ki, yaxın zamanlarda öz torpaqlarımıza qayıdacağıq. Nəinki Ağdam, eləcə də Şuşa, Xankəndində Azərbaycan bayraqları dalğalanacaq”.
DİGƏR XƏBƏRLƏR